Quisque velit nisi, pretium ut lacinia in

Ölkəmizdə ailə hüququ valideynlər üçün uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələr müəyyən edir. Bu o deməkdir ki, hər iki valideyn uşağın tərbiyəsində iştirak etmək və uşağın  həyatının bütün  sahələri, inkişafı, təhsili və s. ilə bağlı qərar qəbul etmək hüququna malikdir.

Valideynlik hüquqları uşaqların mənafeyinə zidd olan şəkildə həyata keçirilə bilməz. Uşaqların maraqlarının təmin edilməsi valideynlərin əsas qayğısı olmalıdır. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər övladlarının fiziki və psixi sağlamlığına və ya mənəvi inkişafına zərər vurmamalıdırlar. Övladlarının tərbiyəsi və təhsili ilə bağlı bütün məsələlər valideynlərin qarşılıqlı razılığı ilə, uşaqların mənafeyi və fikirləri nəzərə alınmaqla həll edilir.

Valideynlər ayrı yaşayırlarsa, uşağın hər iki valideynlə ünsiyyət qurmaq hüququ vardır. Uşaqdan ayrı yaşayan valideyn də uşaqla ünsiyyətdə olmaq, onun tərbiyəsində iştirak etmək və uşağın təhsili barədə qərar  qəbul etmək hüququna malikdir.

Ayrı yaşayan valideynin uşaqla ünsiyyəti — uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirmirsə — uşaqla birgə yaşayan valideyn buna  mane olmamalıdır,

Təəssüf ki, əksər hallarda təcrübə göstərir ki, ailə münasibətlərinə xitam verildikdən sonra, valideynlər arasında uşaqla ünsiyyət qaydası barədə qarşılıqlı razılaşmalar baş tutmur və uşaqla normal münasibətləri  saxlamaq əvəzinə, biri-biri ilə ədavət  aparmaqla,  uşağı təzyiq vasitəsi kimi istifadə edirlər. Nəticədə, ayrı yaşayan valideynin digər valideyn tərəfindən  uşaqla  birgə vaxt keçirmək üçün vaxtın məhdudlaşdırılması və ya  görüşlərə tamamilə icazə verilməməsi  kimi hallara rast gəlinir. Bununla yanaşı, ayrı yaşayan valideyn tərəfindən uşağı özü ilə aparıb, digər valideynə qaytarılmaması halları da tez-tez baş verir.

Bu cür məhdudiyyətlərlə qarşılaşan valideyn mediatora müraciət edə bilər və tərəflər mediatorun iştirakı ilə müqavilə bağlayıb görüş vaxtlarını müəyyən edə bilərlər. Müqavilə azadlığı valideynlərə yazılı müqaviləyə ilk növbədə uşağın maraqlarına və ehtiyaclarına cavab verən və hər iki valideyni təmin edən hər hansı şərtləri daxil etmək üçün kifayət qədər sərbəstlik verir. İlk növbədə, problemin sülh yolu ilə həlli və uşaqla ünsiyyət şərtləri ilə bağlı razılığın əldə edilməsi üçün hər cür səy göstərilməlidir.

Valideynlər arasında razılıq əldə edilmədikdə, maraqlı olan tərəf uşaqla ünsiyyət qaydasını müəyyən etmək üçün cavabdehin yaşayış yeri üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Eyni hüquq uşaqla ünsiyyət saxlamaq istəyən nənə, baba və digər qohumlarına da verilmişdir.

Məhkəmələr uşaqla ünsiyyət qaydası ilə bağlı işlərə baxarkən, uşağın yaşını, sağlamlığını, gündəlik rejimini və həyat tərzini, hər iki valideynə bağlılıq dərəcəsini, valideynlərinin mənəvi və psixoloji xarakteri və digər halları, o cümlədən, qəyyumluq və himayə orqanının rəyini  nəzərə alır.  Qərar qəbul edərkən, məhkəmə uşağın maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikrini  nəzərə alır.

Uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi qüvvədə olan  ailə qanunvericiliyinin ,“Uşaq hüquqları haqqında”  AR Qanunun tələbləri və   AR Ali Məhkəməsinin Plenumunun «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarı ilə tənzimlənir. Həmin Qərarda uşaqla valideynin həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə, ünsiyyət qaydasının müəyyən edilməsi kimi hallar  xüsusi vurğulanmışdır.

Məhkəmə qətnaməsi ilə  müəyyən edilmiş uşaqla ünsiyyət  qaydalarını  pozan tərəf,  məhkəmə qətnaməsının icrasına qəsdən maneçilik törətməsi və  ya qərəzli olaraq  icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Qeyd etmək lazımdır ki, məhkəmə qətnaməsi ilə  müəyyən edilmiş uşaqla ünsiyyət qaydalarını   pozan  hər iki valideyn ola bilər.  Belə ki,  uşaqla birgə yaşayan valideyn qəsdən uşağı digər valideynə verməməsi, digər tərəfdən isə uşaqla görüşən valideynin uşağı qaytarmaması kimi  halları məhkəmə qətnaməsinin icrasına qəsdən mane olması və qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməklə məsuliyyət yaradır.

Receive the latest news in your email
Table of content
Related articles